Yalçın Rəfiyev: “TRIPP” Cənubi Qafqazda sülh prosesinə mühüm töhfə verəcək
“Tramp Marşrutu” (TRIPP) layihəsi Cənubi Qafqaz iqtisadiyyatına yeni nəfəs verməklə yanaşı, regionda davamlı sülhün bərqərar olunmasında əhəmiyyətli rol oynayacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Nyu-Yorkda “Caspian Policy Center” (CPC) tərəfindən təşkil edilən VII İllik Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.
Nazir müavini vurğulayıb ki, TRIPP yalnız iqtisadi dəstək və ticarət imkanları yaratmaqla kifayətlənməyəcək, həm də bütün region ölkələri üçün ümumi maraqların formalaşmasına xidmət edəcək. O, həmçinin Bakı Limanı, Ələt Azad İqtisadi Zonası və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi kimi layihələrin Orta Dəhlizin effektivliyini artırdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “Caspian Policy Center”in icraçı direktoru Əfqan Nifti, ABŞ rəsmiləri Piter Andreoli və Mark Kemeron, eləcə də Gürcüstan, Qazaxıstan, Qırğızıstan nümayəndələri və konqresmen Abraham Hamadeh TRIPP layihəsinin Transxəzər marşrutu vasitəsilə Asiya və Avropanı birləşdirən mühüm halqa olacağını, Azərbaycan və Ermənistan arasında davamlı sülhə zəmin yaradacağını bəyan ediblər.
No Comment! Be the first one.