Yeniyetmələrdə aqressiyanın arxasında nə dayanır? – Mütəxəssislərdən xəbərdarlıq
Yeniyetməlik dövrü fərdin formalaşmasında en kritik mərhələlərdən biri hesab olunur. Bu keçid dövründə tez-tez rast gəlinən emosional dalğalanmalar və aqressiya halları cəmiyyəti və valideynləri narahat edən əsas məsələlərdəndir.
hadiseler.info xəbər verir ki, mütəxəssislər yeniyetmələrin aqressivləşmə səbəblərini və bu halın təhlükəyə çevrildiyi məqamları təhlil ediblər.
Psixoterapevt Elmir Təhməzov bildirir ki, yeniyetməlikdəki hər bir aqressiv davranış patologiya sayılmamalıdır.

O , deyir ki, aqressiya iki yerə bölünür:
Sağlam Aqressiya: Uşağın şəxsiyyət kimi formalaşmasına, öz sərhədlərini qorumasına və xarici təhdidlərdən müdafiə olunmasına xidmət edən təbii mexanizmdir.
Xəstəlikli Aqressiya: Şəxsin həm özünə, həm də ətrafındakılara fiziki və ya mənəvi zərər vurması ilə nəticələnən, nəzarətdən çıxan davranış formasıdır.
Valideynlər Nə Vaxt Təşvişə Düşməlidir?
Psixoloq Fidan Azərqızı vurğulayır ki, aqressiya yeniyetmənin gündəlik həyat keyfiyyətinə və münasibətlərinə mane olmağa başladıqda mütəxəssis müdaxiləsi mütləqdir.

“Əgər uşağın akademik göstəricilərində kəskin enmə varsa, valideynləri, müəllimləri və ya həmyaşıdları ilə münasibətlərində davamlı konfliktlər yaşanırsa, ən əsası isə özünə və ya başqalarına zərər yetirmə halları müşahidə edilirsə, bu artıq ciddi siqnaldır və vaxt itirmədən psixoloji dəstək alınmalıdır.”
Sosioloq Üzeyir Şəfiyev məsələyə sosioloji müstəvidən yanaşaraq nəsillərarası dəyər fərqliliklərinin münaqişələrə zəmin yaratdığını qeyd edir.

Sosioloqun fikrincə, daha mühafizəkar olan yaşlı nəsil ilə yeniliyə, modernləşməyə və azadlığa meylli gənc nəsil arasında baxış toqquşmaları qaçılmaz olur.
Bundan əlavə, sosial şəbəkələrin roluna toxunan Ü. Şəfiyev bildirir ki, virtual aləmdə nəzarətsiz şəkildə yayılan neqativ, zorakılıq ehtiva edən və ya aqressiv məzmunlar yeniyetmələrin psixologiyasını formalaşdırır və onları real həyatda da bu modeldə davranmağa təşvik edir.
Ekspertlər bildirirlər ki, aqressiya uşağın daxili narahatlığının və ya xarici mühitə reaksiyasının göstəricisidir. Valideynlər cəza metodlarından uzaq duraraq sağlam ünsiyyət kanalları açmalı və ehtiyac olduqda peşəkar kömək almalıdırlar.
No Comment! Be the first one.