“Zevs”in qardaşının vaxtından əvvəl azadlığa buraxılacağı xəbəri QALMAQAL YARATDI
“Farmaniya.com” onlayn piramidasının idarəetmə panelinin admini Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar cinayət işi üzrə zərərçəkmiş şəxslərin kəskin narazılığına səbəb olub. Zərərçəkənlər Hüseyn Quliyevin cəzasının ağırlaşdırılmasını tələb etdikləri bir vaxtda, onun cəzasının yüngülləşdiriləcəyi və hətta vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatlar aldıqlarını bildirirlər.
Xatırladaq ki, bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Hüseyn Quliyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi üzrə ittihama bəraətverici əsaslarla xitam verilib. Məhkəmənin yekun hökmü ilə H.Quliyevə dələduzluq və qanunsuz qumar oyunlarının təşkili maddələri üzrə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Halbuki dövlət ittihamçısı məhkəmədə onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
hadiseler.info “Müsavat TV”yə istinadən xəbər verir ki, “Farmaniya.com” işi 2025-ci ilin sentyabrında geniş ictimai rezonans doğurub. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində 2006-cı il təvəllüdlü Hüseyn Quliyev saxlanılıb. İstintaq materiallarına əsasən, o, sosial şəbəkələrdə özünü bloger kimi təqdim edərək platformanı rəsmi investisiya layihəsi kimi reklam edib və 18 mindən çox şəxsin qeydiyyatdan keçdiyi sistem vasitəsilə 400 min manata yaxın vəsaiti mənimsəyib. Araşdırma zamanı şübhəli şəxslərin bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb. İş üzrə Hüseyn Quliyevin tanışı Badamxanım Əhmədova da cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbi ilə tanınan videobloger Ruslan Quliyevin qardaşıdır. Hazırda zərərçəkənlər təyin olunan 4 illik cəzanın dəymiş zərərə uyğun olmadığını vurğulayır və onun vaxtından əvvəl azadlığa buraxılması ehtimalına qarşı kəskin etirazlarını bildirirlər.
No Comment! Be the first one.