400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU
“Moon Kids” uşaq bağçasının təkrarən və külli miqdarda dələduzluqda təqsirləndirilən direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda dövlət ittihamçısı Fuad Musayev çıxış edərək təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalındanca həbs olunmasını tələb edib.
Lakin məhkəmənin hökmü ilə Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə cəzanın 3 il sınaq müddəti seçilməklə şərti hesab edilməsi barədə qərar qəbul edib. Barəsindəki ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəzlənib.
Qeyd edək ki, “Moon Kids” MMC-dəki qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda aparılan istintaq çərçivəsində Havvaxanım Rüstəmovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə rəsmi ittiham irəli sürülmüşdü.
İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs qismində tanınıb. Təqsirləndirilən şəxs istintaq dövründə dəymiş 428 min manatlıq maddi ziyanın 385 min manatını ödəyib. Bağçanın fəaliyyəti isə tam dayandırılıb.
No Comment! Be the first one.