58 yaşlı tələbə Elbrus Hüseynov: “Məni ən çox sevindirən nəvələrimin təbriki oldu”
Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov tələbə adını qazanması və keçirdiyi hisslər barədə Report.az-a danışıb.
hadiseler.info Report.az-a istinadən xəbər verir ki, 58 yaşlı E.Hüseynov subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına qəbul olunduğunu bildirib. İki il əvvəl mühəndislik üzrə kolleci bitirən E.Hüseynov uşaqlıq arzusunu reallaşdırdığını vurğulayıb:
“Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır”.
Bakıda mühəndis işləyən və təhsilinə görə artıq işdən ayrıldığını bildirən 58 yaşlı tələbə ailəsinin dəstəyini xüsusi qeyd edib: “Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm”.
No Comment! Be the first one.