Prezident İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsullar zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda “Fabriora Group” MMC-nin kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
hadiseler.info xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisənin təsisçisi İbrahim Uygur dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat veriblər.
11 hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyaları tətbiq olunub. Müəssisədə kağız, uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. Məhsulların daxili bazarla yanaşı Gürcüstan, Qazaxıstan, Rusiya və Yaxın Şərq ölkələrinə ixracı nəzərdə tutulur.
Ümumi investisiya dəyəri 27 milyon manat olan layihə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Şirkət investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib. Zavodda 240 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

















No Comment! Be the first one.