Zelenski: “Təyyarəm Rusiya PUA-larının hücum cəhdinə məruz qalıb”
Ukrayna Prezidenti Volodimir Zelenski son həftələr ərzində uçduğu təyyarəyə Rusiya pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücum cəhdlərinin edildiyini açıqlayıb.
hadiseler.info xəbər verir ki, Ukrayna lideri bu barədə ABŞ-nin “CBS News” telekanalına verdiyi özəl müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, ilk insident onun Moldovada olduğu zaman qeydə alınıb. “Təyyarəmin olduğu Moldovaya hücum etdilər. Əsas hədəf mən idim”, – deyə dövlət başçısı vurğulayıb.
O, həmçinin Ukraynaya Moldova üzərindən geri qayıdanda daha bir analoji hadisənin baş verdiyini diqqətə çatdırıb. Bildirilib ki, bir və ya iki Rusiya PUA-sı yenidən Moldovanın hava məkanına daxil olub. Ukrayna Prezidenti bu ikinci incident barədə daha əvvəl ictimaiyyətə məlumat verilmədiyini deyib.
Zelenski hesab edir ki, bu cür təxribatlar Rusiyanın onu və digər xarici liderləri qorxutmaq məqsədi daşıyan ümumi strategiyasının bir hissəsidir.
Qeyd edək ki, sentyabrın 8-də Volodimir Zelenski həyat yoldaşı ilə birlikdə Kral V Haraldın dəfn mərasimində iştirak etmək və Norveç Baş naziri Yonas Qar Störe ilə danışıqlar aparmaq üçün Norveçə səfər edib. Daha sonra Norveç Baş naziri Yonas Qar Störe də Zelenskinin Moldovadan Osloya uçuşu zamanı havaya qalxarkən təyyarəsinin PUA zərbəsi təhlükəsi ilə üzləşdiyini təsdiqləmişdi.
No Comment! Be the first one.