Qız Qalasına Azərbaycan bayrağını sancan şəxsin müəmmalı taleyi: 33 ildir xəbər yoxdur
hadiseler.info xəbər verir ki, Sovet hakimiyyətinin hökm sürdüyü dövrdə Qız Qalasına Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını sancan şəxslərdən biri olan Çingiz Abdullayevin taleyi bu gün də naməlum olaraq qalır. Uzun illər həbsdə və psixiatriya xəstəxanasında saxlanılan, sonradan ABŞ-a, daha sonra isə İsveçrəyə köçən azadlıq mübarizəsi iştirakçısından ailəsi 1993-cü ildən bəri xəbər ala bilmir.
Bildirilir ki, 1956-cı il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümündə Çingiz Abdullayev və silahdaşı Cahid Hilaloğlu sovet rejiminin qadağalarına baxmayaraq, üçrəngli bayrağımızı Qız Qalasına sancıblar. Bu cəsarətli addım hər iki gəncin həyatını dəyişib, onlar sovet təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb və uzun illər ağır şəraitdə yaşamağa məcbur olublar.
Çingiz Abdullayevin qardaşı qızı Töhfə Eminovanın sözlərinə görə, əmisi siyasi fəaliyyətinə görə ailəsi ilə çox ehtiyatla əlaqə saxlayıb. Sovet rejimi onun siyasi fəaliyyətini dayandırmaq məqsədilə ruhi xəstə olması barədə qərar çıxarıb və o, təxminən 20 il Maştağa Psixiatriya Xəstəxanasında saxlanılıb. Xəstəxanadan azad edildikdən sonra KQB-nin nəzarətindən ehtiyat edərək əvvəlcə Moskvaya gedib, daha sonra ABŞ səfirliyindən siyasi sığınacaq alaraq Nyu-Yorkda yaşayıb, daha sonra isə İsveçrənin Bern şəhərinə köçüb.
Töhfə Eminova əmisi ilə sonuncu dəfə 1993-cü ildə əlaqə saxladığını bildirib:
“1993-cü ildə Berndən zəng vurub bildirdi ki, mən bacardım, SSRİ dağıldı. 1956-cı ildə Qız Qalasından bayrağı asdım, indi isə bu rejimin dağılmasının şahidi oldum”.
Həmin telefon danışığından sonra ailə Çingiz Abdullayevlə bir daha əlaqə saxlaya bilməyib. İsveçrədəki Azərbaycan diasporunun nümayəndələri ilə əlaqə saxlanılsa da, onun sonrakı taleyi, harda yaşayıb-yaşamadığı və ya nə vaxt vəfat etdiyi barədə heç bir dəqiq məlumat əldə etmək mümkün olmayıb.
No Comment! Be the first one.