Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
hadiseler.info Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Görüşdə xüsusilə aşağıdakı faktlar vurğulanıb:
13 avqust 2026-cı il: “Çastota ponimaniya” layihəsində ölkəmizə, xalqımıza və dövlət rəhbərliyinə qarşı səsləndirilən ifadələr.
7 avqust: “Sputnik” radiosunda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı cəfəng bəyanat.
9 və 16 avqust: “YouTube” platformasında və “Spas” telekanalında Azərbaycan rəhbərliyinə qarşı təhqir məzmunlu materialların və təxribatçı fikirlərin yayımlanması.
XİN-dən bildirilib ki, Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəsi və fiziki zorakılıq çağırışları qəbuledilməzdir. Görüşdə Rusiyanın media məkanında bu kimi anti-Azərbaycan ritorikasına son qoyulması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunub.
No Comment! Be the first one.