Tovuzda yük qatarının vaqonunda tüstülənmə baş verib
hadiseler.info xəbər verir ki, Azərbaycandan Gürcüstana hərəkət edən yük qatarının vaqonunda Tovuz stansiyası ərazisində tüstülənmə qeydə alınıb.
Tüstülənmə 42 vaqondan ibarət yük qatarının 36-cı vaqonunda daşınan 70 ton kükürd tozunda meydana gəlib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun genişlənməsinin qarşısı qısa müddətdə alınıb və digər vaqonlar təhlükəsizlik zonasında mühafizə edilib.
Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, havaların kəskin isti keçməsi səbəbindən qatarlarda bu cür tüstülənmələrin baş verməsi mövsümi xarakter daşıyır. Hadisə nəticəsində qatarda olan yüklərə heç bir ziyan dəyməyib.
No Comment! Be the first one.