İlham Əliyev: Zəngəzur dəhlizi layihəsi fəal şəkildə icra olunur
Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir.
hadiseler.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
Dövlət başçısı ölkə ərazisindəki işlərin yekunlaşma mərhələsində olduğunu və Naxçıvanda icranın başladığını qeyd edib:
“Nəqliyyat sahəsi ilə bağlı onu da qeyd etmək istərdim ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının əsas hissəsində layihənin gələn il başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası ərazisində isə layihənin icrasına başlanılıb. Bizim konseptual yanaşmamız ondan ibarətdir ki, Naxçıvan dəmir yolu, təbii olaraq, Azərbaycan Dəmir Yolunun bir hissəsidir. Bu çərçivədə layihədə iştirak etmək, investisiya qoymaq və müvafiq gəlir əldə etməklə yanaşı, bu marşrut üzrə zəmanətli daşınma həcmlərinə malik olmaq istəyən şirkətlər və ölkələr üçün beynəlxalq konsorsium yaratmağı planlaşdırırıq.”
Prezident İlham Əliyev həmçinin Ermənistan ərazisindəki işlər və layihəyə olan beynəlxalq maraq barədə vurğulayıb:
“Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistan ərazisində də işlər aparılır. Amerikalı tərəfdaşlarımız bu barədə bizə mütəmadi məlumat verirlər. Bizə verilən məlumata görə, Ermənistan ərazisində tikinti işlərinə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlanacaq. Lakin orada dəmir yolunun uzunluğu cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikası ərazisində isə bu məsafə 194 kilometrdir. Buna görə də biz işlərə başlamışıq və onları istənilən halda başa çatdıracağıq. Lakin müxtəlif şirkətlərin bu layihəyə marağının olduğunu bildiyimiz üçün qeyd etmək istərdim ki, belə maraq yaranacağı təqdirdə, nəzərdə tutulan konsorsiumda iştirak etmək imkanı da mövcuddur”
No Comment! Be the first one.