Maduronun həbsdən ilk şəkli belə çəkilib- Oğlundan açıqlama
ABŞ-nin yanvarın 3-də Venesuelaya hərbi müdaxiləsi zamanı saxlanılan Prezident Nikolas Maduronun oğlu Nikolas Maduro Querra (“Nikolassito”) atasının həbsdən sonra yayılan ilk fotosunun necə əldə edildiyini bəyan edib.
hadiseler.info xəbər verir ki, Nikolassito “X” platformasında paylaşım edərək fotonun çəkilməsi və ailəsinə çatdırılması prosesinin təfərrüatlarını danışıb. Nikolassito bildirib ki, foto iyunun 24-də Venesuelada baş verən iki güclü zəlzələdən bir gün sonra, iyunun 25-də çəkilib: “Bu fotonun bizə necə çatdığı barədə bir az danışacağam”.
O qeyd edib ki, həmin gün fotoqraf Maduronun televizora baxdığını və zəlzələlərdən sonra əhvalının pis olduğunu bildirib: “O, çox sarsılmışdı, çox kədərli idi və hadisələri çox diqqətlə izləyirdi”. Nikolassito deyib ki, Maduro həmin gün icazə verilən telefon zənglərindən istifadə edərək ailəsinə təxminən 4-5 dəfə zəng edib və zəlzələnin yaratdığı vəziyyətdən narahat olaraq La Quaira və digər ərazilərin vəziyyəti ilə maraqlanıb.
“Şəklini çəkdirmək üçün heç uyğun vəziyyətdə deyildi. Fotoqraf təkid edərək deyib: “Xahiş edirəm, gəlin, bu fotonu sonra göndərə bilərsiniz””, – Maduro Querra bildirib. O əlavə edib ki, Maduro da bu fotonun gələcəkdə onun yaxşı vəziyyətdə, güclü və dözümlü olduğunu göstərməsini arzulayaraq şəkil çəkdirməyə razılaşıb.
Nikolassitoyə görə, Maduronu çəkən fotoqrafa görüntünün çap olunmuş iki nüsxəsi verilib. Fotoqraf onları iyulun 13-də poçt vasitəsilə göndərib və şəkillər avqustun 25-də ABŞ-dəki ünvana çatıb: “Biz fotonu aldıq. Mənə ekran görüntüsü göndərdilər və biz onu ailə olaraq görə bildik”. Ailə bundan sonra fotoşəklin ictimaiyyətə hansı formada və hansı mesajla təqdim edilməsinin daha məqsədəuyğun olduğunu müzakirə edib: “Nəhayət, ondan mesaj yazmasını xahiş etdik. Cümə axşamı (28 avqust) zəng edib həmin mesajı diktə etdi və bu, bazar günü (30 avqust) foto ilə birlikdə dərc olundu”.
Nikolassito atasının və anası Siliya Floresin mümkün qədər tez azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini, həmçinin “Allahın köməyi ilə xoş xəbərlər almağa davam edəcəklərini” ümid etdiyini deyib.

No Comment! Be the first one.