ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
Birləşmiş Ştatlarda illər sonra qızılca xəstəliyindən ilk ölüm faktı qeydə alınıb.
hadiseler.info AFP-yə istinadən xəbər verir ki, Nyu-York ştatının şimalındakı Lyuis dairəsində qızılcaya yoluxan azyaşlı uşaq dünyasını dəyişib. Bununla da ştatda son 30 ildə ilk dəfə qızılcadan ölüm hadisəsi baş verib. Xatırladaq ki, effektiv peyvənd kampaniyaları sayəsində 2000-ci ildə ABŞ-də qızılcanın tamamilə aradan qaldırıldığı elan edilmişdi.
Nyu-Yorkun Demokrat qubernatoru Keti Hoxul faciəni Vaşinqtonun səhiyyə siyasəti ilə əlaqələndirərək, baş verənləri onilliklər ərzində əldə edilmiş irəliləyişlərin pozulmasının ağır nəticəsi adlandırıb. Qeyd edək ki, yoluxma hallarının kəskin artması səbəbindən ötən ay ştatda fövqəladə vəziyyət elan olunmuşdu.
Hazırda ABŞ son 35 ilin ən kəskin qızılca epidemiyası ilə üz-üzədir. Ölkənin 47 ştatında ümumilikdə 4 min 834 yoluxma faktı təsdiqlənib. Mütəxəssislər xəstəliyin yenidən vüsət almasını peyvənd əleyhinə təbliğatın güclənməsi və səhiyyə qurumlarına inamsızlığın artması ilə izah edirlər. Qızdırma, səpgilər, tənəffüs problemləri və pnevmoniya kimi ağır fəsadlarla müşayiət olunan qızılca hər il qlobal miqyasda minlərlə insanın həyatına son qoyur.
No Comment! Be the first one.