Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
hadiseler.info xəbər verir ki, Almaniya Ukraynanın su, enerji və nəqliyyat infrastrukturunun bərpası üçün əlavə 100 milyon avronun ayrılmasını nəzərdən keçirir.
“Reuters”ə istinadən xəbər verilir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyinin parlamentin büdcə komitəsinə ünvanladığı məktubda bildirilib.
Qeyd olunub ki, bu vəsaitlər cari ilin yayından etibarən intensivliyi əhəmiyyətli dərəcədə artan Rusiya Silahlı Qüvvələrinin aviazərbələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması məqsədilə, Almaniyanın 2026-cı il büdcəsində Ukraynanın maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitə əlavə olaraq ayrılacaq.
Məktubda vurğulanıb ki, 2026-cı il üçün federal büdcə təsdiqlənərkən Rusiya ilə Ukrayna arasındakı münaqişənin hazırkı miqyasını əvvəlcədən görmək mümkün olmayıb.
Qeyd edilib ki, əlavə vəsaitin mərkəzləşdirilməmiş elektrik enerjisi istehsalı və saxlanması üçün avadanlıqların alınmasına, su və enerji infrastrukturu obyektlərinin təmirinə, yanğındöndürmə avadanlıqlarının əldə edilməsinə, eləcə də məktəb binalarının bərpasına yönəldilməsi planlaşdırılır.
No Comment! Be the first one.