Almaniyanın 30-dan çox şəhərində gənclərin kütləvi etirazları başladı
Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb.
hadiseler.info TASS-a istinadən xəbər verir ki, aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını planlaşdıran “Gen Z regelt” təşəbbüsü çağırış edib. Berlində simvolik Brandenburq qapısının yaxınlığında keçirilən nümayişdə 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir.
Etirazçıların əsas tələbləri aşağıdakılardır:
Məcburi hərbi xidmətin bərpasından imtina edilməsi
Təhsil, səhiyyə və iqlimin qorunması sahələrinə ayrılan investisiyaların artırılması
Yaşayış xərclərinin artmasına qarşı daha fəal tədbirlərin görülməsi
Bundan əlavə, paytaxtın Rozentaler-plats meydanında “Z nəslinin səbri tükəndi” şüarı altında Fələstini dəstəkləyən fəalların və solçu radikalların da qatılacağı təxminən 500 nəfərlik digər bir aksiyanın keçirilməsi planlaşdırılır.
Təhlükəsizliyin təmin olunması üçün ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib, təkcə Berlində 1 500-ə yaxın polis əməkdaşı cəlb olunub. “Halloween” bayramı ilə eyni vaxta təsadüf edən aksiyalar fonunda ekstremist qruplaşmaların təxribat törədə biləcəyi ehtiyat edildiyindən, bir sıra mağazalar və dəb butikləri vitrinlərini taxta lövhələrlə bağlayıb, biznes nümayəndələri talanlardan ehtiyat edirlər.
No Comment! Be the first one.