Avstraliyada zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi
Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 000-dən çox köpəkbalığı və skat tələf olub. Bu, dəniz faunasının kütləvi məhvinə dair tarixdə qeydə alınmış ən böyük fəlakətlərdən biri hesab olunur.
hadiseler.info “The Guardian” qəzetinə istinadən xəbər verir ki, baş verən ekoloji böhran ümumilikdə 31 növ köpəkbalığı və skatın ölümünə gətirib çıxarıb. Məhv olan dəniz canlıları arasında nəsli kəsilmək təhlükəsi ilə üzləşən nadir növlər də var.
Məlumata görə, kütləvi tələfata 2025-ci ilin mart ayından etibarən “Karenia” cinsinə aid mikroyosunların qeyri-adi dərəcədə intensiv çoxalması səbəb olub. Alimlərin qiymətləndirmələrinə əsasən, bu ekoloji hadisə ümumilikdə 800-dən çox müxtəlif heyvan növünə ciddi mənfi təsir göstərib.
Flinders Universitetinin professoru Çarli Hyuvenirs hadisənin miqyasının misilsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi ərazilərdə əvvəllər zəngin olan köpəkbalığı populyasiyaları demək olar ki, tamamilə yoxa çıxıb və bəzi növlərin bərpası uzun illər tələb edə bilər.
Tədqiqatçılar zəhərli yosunların bu dərəcədə sürətlə çoxalmasının əsas amillərindən biri kimi suyun temperaturunun yüksəlməsi ilə müşayiət olunan uzunmüddətli dəniz istilik dalğalarını göstərirlər.
No Comment! Be the first one.