Azərbaycan jurnalistləri üçün süni intellektlə bağlı yeni etik qaydalar hazırlanır
Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə süni intellektdən istifadə ilə bağlı yeni prinsipin əlavə edilməsi nəzərdə tutulur.
hadiseler.info xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı bəyan edib.
O bildirib ki, yeni hazırlanan prinsip media subyektlərinin fəaliyyətində süni intellekt texnologiyalarından istifadə qaydalarını aydın şəkildə müəyyənləşdirəcək:
“Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdır”.
M.Ələsgərli əlavə edib ki, kodeksə daxil ediləcək müddəaya əsasən, süni intellekt vasitəsilə yaradılan, dəyişdirilən və ya formalaşdırılan məzmunun mənşəyi barədə auditoriyaya açıq məlumat verilməlidir. Həmçinin bu sistemlərdən istifadə zamanı müəlliflik hüquqları, şəxsi məlumatların və mənbələrin məxfiliyi, insan ləyaqəti və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə dəqiqliklə riayət olunmalıdır.
No Comment! Be the first one.