AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2026-cı ilin ilk doqquz ayının əməliyyat göstəricilərini açıqlayıb.
hadiseler.info xəbər verir ki, yanvar-sentyabr aylarında milli aviadaşıyıcı ümumilikdə 14,1 min reys icra edərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Sərnişinlərin 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Aviaşirkətin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.
Hesabat dövründə Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə isə təxminən 3,2 min reyslə 650 minə yaxın sərnişin daşınıb.
AZAL bu dövrdə marşrut şəbəkəsini genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb, həmçinin Bakı-Brüssel istiqamətinə bilet satışını açıb. Göyərtədə nağdsız ödəniş, hissə-hissə ödəniş, “Alipay”, “WeChat Pay”, “HUMO” və “UZCARD” kartlarının inteqrasiyası kimi rəqəmsal yeniliklər tətbiq olunub. Paralel olaraq, aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” seçilib.

No Comment! Be the first one.