Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslərin sayı artırıldı
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik dörd reysin icrasına başlayıb.
hadiseler.info xəbər verir ki, reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılıb ki, bu da 50 faizə yaxın artım deməkdir.
Yeni reyslərin istifadəyə verilməsi sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim edir. Əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti 30 faiz daha ucuz təklif olunur. Marşrut üzrə bir istiqamətə minimum gediş haqqı aşağıdakı kimidir:
Bakıdan Tbilisiyə: 54 AZN
Yevlaxdan: 44 AZN
Gəncədən: 41 AZN
Ağstafadan: 38 AZN
Böyük Kəsikdən Tbilisiyə: 36 AZN
Müqayisə üçün, “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı Bakıdan 77.50 AZN, Gəncədən isə 56.80 AZN təşkil edir. Eyni zamanda sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da yaradılıb.
Yeni qrafikə əsasən, mövcud qatar Bakıdan saat 23:10-da yola düşməklə səhər saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 11:00-da qayıdaraq saat 20:26-da Bakı Dəmiryol Vağzalında olur. Yeni gündüz reysi üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşərək saat 19:11-də Gürcüstan paytaxtına çatır, əks istiqamətdə isə saat 22:00-da hərəkətə başlayaraq növbəti gün saat 07:57-də Bakıya qayıdır.
Qeyd edək ki, tərəflərin uzun müddət davam edən birgə texniki və təşkilati işlərinin nəticəsi olaraq istifadəyə verilən Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb.
No Comment! Be the first one.