Bakı-Tehran münasibətləri: Siyasi etimad praktik əməkdaşlıqla möhkəmlənir
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətlərə dair son bəyanatları Bakı ilə Tehran arasında müşahidə olunan normallaşmanın artıq yalnız diplomatik nəzakətlə məhdudlaşmadığını nümayiş etdirir. İran liderinin böhran dövründə Bakının Tehrana göstərdiyi dəstəyi xüsusi faktlarla vurğulaması iki ölkə əlaqələrində yeni, müsbət siyasi atmosferin formalaşdığını göstərir.
hadiseler.info xəbər verir ki, M.Pezeşkianın açıqlamaları zaman-zaman Azərbaycana qarşı irəli sürülən iddiaları təkzib edir. İran prezidentinin yollar, bank və səfirlik fəaliyyəti ilə bağlı yaranmış problemlərin Azərbaycan rəhbərliyi ilə birbaşa təmas sayəsində operativ həll olunduğunu bildirməsi iki dövlət arasında kommunikasiya kanallarının nə qədər işlək olduğunu sübut edir. Bu, həm də problemlərin üçüncü tərəflərin müdaxiləsi olmadan, birbaşa dialoqla həll edilə biləcəyinin göstəricisidir.
Eyni zamanda, Azərbaycanın regional logistika və Şimal-Cənub nəqliyyat dəhlizindəki strateji rolu İran üçün vacib iqtisadi və strateji əhəmiyyət kəsb edir. Azərbaycan yalnız coğrafi keçid məkanı deyil, böhran şəraitində də fəaliyyət göstərən etibarlı altyapı təqdim edən tərəfdaşdır.
Prezident İlham Əliyevin Məsud Pezeşkianın fikirlərinə verdiyi cavab da Bakının İrana münasibətdə seçdiyi praqmatik siyasi xətti aydın şəkildə ifadə edir. Azərbaycan Prezidentinin “Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar” mesajı münasibətlərin tarixi qonşuluq və xalqlararası bağlara söykəndiyini vurğulayır. Azərbaycanın regional böhranlar zamanı xarici vətəndaşların və İran sakinlərin ölkələrinə təhlükəsiz qayıdışına şərait yaratması Bakının prinsipial mövqeyini nümayiş etdirir.
Ümumilikdə, qarşılıqlı müsbət mesajlar Bakı və Tehran arasında “etimad kapitalının” artmasından xəbər verir. Bu pozitiv atmosferin Şimal-Cənub nəqliyyat dəhlizi, Araz boyunca kommunikasiya layihələri və enerji əməkdaşlığı kimi konkret layihələrlə daha da möhkəmlənəcəyi gözlənilir.
No Comment! Be the first one.