Bakıda 25 il əvvəl törədilmiş amansız qətlin üstü açıldı
Prokurorluq və daxili işlər orqanlarının birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
hadiseler.info Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinə istinadən xəbər verir ki, 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın qəsdən öldürülməsi faktı üzrə icraat yenidən təzələnib. Nəsimi Rayon Prokurorluğu və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan kompleks istintaq hərəkətləri, çoxsaylı dindirmələr və müasir ekspertiza tədqiqatlarının nəticələri sayəsində 25 il əvvəl törədilmiş cinayətin təfərrüatları tam müəyyən olunub.
İstintaqla toplana sübutlar əsasında, əvvəllər də qəsdən adamöldürmə cinayətinə görə məhkum olunmuş 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Şübhəli şəxs Rövşən Zeynalov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə rəsmi ittiham elan olunub və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı ibtidai istintaq davam etdirilir.
No Comment! Be the first one.