Bakının bu rayonunda 30-a yaxın bina söküləcək
Bakının Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi planlaşdırılır.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək. Sökülməsi nəzərdə tutulan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib olunub və binaların yaşayış üçün təhlükəli olduğu təsdiqlənib.
Həyata keçiriləcək layihə çərçivəsində bəzi sahələrdə dövlət vəsaiti hesabına parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması, investisiya ərazilərində isə köhnə binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Tikinti müddətində sakinlərə kirayə xərcləri üçün kompensasiya ödəniləcək, yeni binalar hazır olduqdan sonra isə onlar mənzillərlə təmin ediləcəklər.
AQC sədri qeyd edib ki, ilkin qiymətləndirmələrə əsasən, mərkəzi ərazilərdə kompensasiya məbləğinin hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat, digər ərazilərdə isə 2 000-2 500 manat civarında olması gözlənilir. Dəqiq rəqəmlər qiymətləndirmə işləri yekunlaşdıqdan sonra bəlli olacaq.
Bundan başqa, Nəsimi rayonu, Mirəli Qaşqay 34 ünvanında yerləşən və 50-dən çox məcburi köçkün ailəsinin yaşadığı tikililərlə bağlı da sənədləşmə və inventarizasiya işlərinə start verilib.
No Comment! Be the first one.