Balear adaları sahilində 57 miqrant xilas edildi
İspaniya Mülki Qvardiyası və Dəniz Xilasetmə Xidməti dənizdə növbəti operativ əməliyyat keçirib. Əməliyyat zamanı dörd fərqli qayıqla Balear adalarının sahillərinə yaxınlaşan 57 qanunsuz miqrant xilas olunub. Qayıqlardan biri Kabreranın cənub-şərqində, digərləri isə Formentera adası istiqamətində və sahilə yaxın ərazidə müəyyən edilib.
Hadisələr.info İspaniya mediasına istinadən xəbər verir ki, dənizdəki mürəkkəb hava şəraitinə baxmayaraq, batan qayıqdakı şəxsləri də xilas etmək mümkün olub. Belə ki, göyərtəsində 19 miqrant olan qayıqlardan biri Kabrera adasının 12 mil məsafəsində batmaq təhlükəsi ilə üzləşib. Lakin xilasedicilər tərəfindən əraziyə operativ müdaxilə olunub və faciənin qarşısı alınıb.
Aparılan xilasetmə əməliyyatına Mülki Qvardiyanın əyalət dəniz xidməti və yerli komandanlıq əməkdaşları cəlb edilib. Eyni zamanda, axtarış işlərində Mülki Qvardiya və Dəniz Xilasetmə Xidmətinin helikopterləri də aktiv iştirak edib.
Balear adaları sahilində miqrant axını artır
Qeyd edək ki, son sutka ərzində Balear adalarına ümumilikdə 7 qayıqla 106 miqrant daxil olub. İspaniya Daxili İşlər Nazirliyinin və hökumətin regional nümayəndəliyinin yaydığı rəsmi statistikaya əsasən, ilin əvvəlindən bu günə qədər arxipelaq sahillərinə 219 qayıqla 4 145 qanunsuz miqrantın gəldiyi təsdiqlənib.
Bundan başqa, yerli hakimiyyət orqanları regionda miqrasiya təzyiqinin artdığını və təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini bəyan ediblər.
No Comment! Be the first one.