Brüssel Qrenlandiyada fəaliyyətini genişləndirir
Avropa Komissiyası (AK) Qrenlandiyadakı nümayəndəliyinin işçi heyətini artırmaq barədə qərar qəbul edib.
hadiseler.info “Euractiv” portalına istinadən xəbər verir ki, hazırda üç dövlət qulluqçusundan ibarət olan nümayəndəliyə əlavə kadrlar göndəriləcək.
Avropa rəsmilərinin bildirdiyinə görə, yeni işçilər yerli rəhbərliyə Avropa İttifaqı tərəfindən ayrılan 200 milyon avro dəyərindəki investisiya paketinin icrasında dəstək göstərəcəklər.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyaya səfəri zamanı Aİ-nin adaya 200 milyon avroluq “tərəfdaşlıq paketi” təqdim etdiyini açıqlamışdı. Bu vəsait xüsusilə peyk internetinin inkişafı, həmçinin Aİ ölkələrinə ixrac üçün mühüm əhəmiyyət kəsb edən qrafit və molibden kimi strateji mineralların hasilatı üçün nəzərdə tutulub.
Aİ rəhbərliyi, həmçinin Danimarkaya məxsus olan və ABŞ-nin da iddialar irəli sürdüyü Qrenlandiyanın ərazi bütövlüyünü və suverenliyini toxunulmaz hesab etdiyini vurğulayıb.
No Comment! Be the first one.