Çinə giriş-çıxış qaydaları sərtləşdirildi
Sentyabrın 15-dən etibarən Çin Xalq Respublikasında (ÇXR) ölkəyə giriş-çıxışla bağlı yenilənmiş qaydalar qüvvəyə minib. Dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilən yeni reqlament bir sıra məhdudiyyətləri özündə əks etdirir.
hadiseler.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
ÇXR Dövlət Şurasının fərmanına əsasən, Çin hökuməti xarici ölkələrdəki risksiz və ya təhlükəli vəziyyətləri (silahlı münaqişələr, təbii fəlakətlər, yoluxucu xəstəliklər) nəzərə alaraq xəbərdarlıqlar dərc edəcək. Ehtiyac yarandıqda miqrasiya orqanları səfərin məqsədi barədə əlavə sənədlər tələb edə biləcək. Yanlış məlumat verən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq.
Yenilənmiş qaydalara əsasən tətbiq edilən əsas məhdudiyyətlər və cərimələr:
Çin vətəndaşları üçün: Xaricdə hüquqpozmaya yol verənlərin ölkəni tərk etməsi 6 aydan 3 ilə qədər məhdudlaşdırıla bilər. Həmçinin ixrac nəzarəti tədbirlərini pozan və milli texnoloji təhlükəsizliyə təhdid yaradan vətəndaşların xaricə çıxışına qadağa qoyulacaq.
Əcnəbi vətəndaşlar üçün: Viza rəsmiləşdirilməsi və ya sərhəd keçidi zamanı saxta sənəd və ya yanlış məlumat təqdim edən əcnəbilərin Çinə girişinə 1 ildən 5 ilə qədər qadağa tətbiq ediləcək.
Cərimələr: Qanunsuz vasitəçilik xidməti göstərənlər, saxta dəvətnamə hazırlayanlar və lisenziyasız bu fəaliyyətlə məşğul olanlar 5 min yuandan 50 min yuana qədər (təxminən 740 – 7 500 dollar) cərimələnəcəklər. Xarici şirkətlərin bu tür vasitəçilik xidmətləri göstərməsi isə tamamilə qadağan edilib.
No Comment! Be the first one.