DTX-dən 5 ölkədə xüsusi antiterror əməliyyatı: 10 nəfər saxlanıldı- VİDEO
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici ölkələrin təhlükəsizlik orqanları ilə birgə 5 ölkə ərazisində paralel antiterror və əməliyyat-axtarış tədbirləri keçirib.
hadiseler.info xəbər verir ki, əməliyyatlar zamanı gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri ifşa edilib. Əvvəllər “Sumqayıt camaatı” terror qruplaşmasının tərkibində məhkum olunmuş Vüqar Abdullayev və tərəfdarlarının Azərbaycanda ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək planları sənədləşdirilib.
Cinayətkar birliyin fəaliyyətinə dair əsas təfərrüatlar:
Sui-qəsd planı: Dəstə üzvləri hədəf seçdikləri xadimlərin hərəkət marşrutlarını və qorunma vəziyyətini izləyərək məlumat toplayıb, cinayətdən sonra xaricdəki münaqışə bölgələrinə qaçmağı planlaşdırıblar.
Kriptovalyuta ilə maliyyələşmə: Dəstə üzvü Cəlal Hacıyevin ölkə xaricindəki tərəfdaşları vasitəsilə beynəlxalq terror təşkilatlarını və xaricdəki silahlı münaqışələrdə iştirak edən şəxsləri kriptovalyuta sistemləri ilə maliyyələşdirdiyi müəyyən olunub.
Saxta elanlar: Terrorun maliyyələşdirilməsi üçün sosial şəbəkələrdə dini ayinlərin icrası adı altında saxta elanlarla pul yığıldığı ortaya çıxarılıb.
Birgə əməliyyatlar nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb, xaricdə tutulan Elşən Əsgərov Azərbaycana ekstradisiya edilib.
Cinayətkar dəstənin üzvləri — Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğun maliyyələşdirilməsi), 218.1 (cinayətkar birlik yaratma), 28, 277-ci (dövlət və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.
No Comment! Be the first one.