Dünyanın ən böyük elektrik gəmisi xidmətə başladı
Avstraliyanın “Incat Tasmania” gəmiqayırma şirkəti tərəfindən “Buquebus” operatoru üçün inşa edilən dünyanın ən böyük tam batareyalı elektrik gəmisi “China Zorrilla” ilk kommersiya səfərinə çıxıb.
hadiseler.info xəbər verir ki, uzunluğu 130 metr, eni isə 32 metr olan bu nəhəng alüminium katamaran-bərə Argentina və Uruqvay arasında fəaliyyətə başlayıb.
Əvvəlcə sıxılmış təbii qazla (LNG) işləmək üçün layihələndirilən, tikintisi zamanı “Hull 096” adı ilə tanınan gəmi sonradan tamamilə elektrik mühərrikli sistemə keçirilib. Adını həm Argentina, həm də Uruqvayda tanınan məşhur aktrisa və rejissor Konsepsyon “Çina” Sorrilyanın şərəfinə alan gəmi Rio-de-la-Plata körfəzi üzərindən Buenos-Ayres ilə Koloniya-del-Sakramentonu birləşdirir.
“China Zorrilla” eyni vaxtda 2100 sərnişin və 225 nəqliyyat vasitəsi daşımaq gücünə malikdir. Gəminin 40 meqavat-saatlıq (40 000 kVt/saat) enerji tutumlu batareya sisteminin çəkisi 250 tondan çoxdur ki, bu da təxminən 500 ədəd standart elektrik avtomobilinin batareyasına bərabərdir. Limanda “Zinus” şirkətinin hazırladığı avtomatlaşdırılmış infrastruktur vasitəsilə sürətli şarj olunan gəmi səfər zamanı sıfır karbon emissiyası (sıfır zərərli tullantı) ixrac edir, həmçinin ənənəvi dizel mühərriklərinə xas səs-küy və vibrasiyanı tamamilə aradan qaldırır.
Layihənin uğurundan sonra istehsalçı şirkət hazırda Danimarkanın “Molslinjen” operatoru üçün 129 metrlik daha üç yeni elektrik bərəsinin inşasını həyata keçirir.
No Comment! Be the first one.