Əhmədlidəki qətllə bağlı 11 nəfər həbs edildi – VİDEO
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakının Xətai rayonunda kafedə törədilmiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
hadiseler.info xəbər verir ki, qurumların birgə məlumatına əsasən, oktyabrın 23-ü saat 00:10 radələrində paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranların birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.
Baş Prokurorluq və DİN-in istintaq qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan 11 nəfər – əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Açıqlamada bildirilir ki, saxlanılan şəxslərin cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirdikləri, mütəmadi qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşdirilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu ilə pul tələb edilməsi, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu və soyuq silahlardan istifadə etməklə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin əməllərindəki iştirak dərəcəsinin, həmçinin cinayətkar birliyin digər əlaqələrinin tam araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.