Etirazlar səbəbindən Avropa Liqası matçının vaxtı dəyişdirildi
Fransada gözlənilən kütləvi tətil və etiraz aksiyaları ölkədə keçirilən futbol matçlarına da təsir göstərib.
hadiseler.info xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində baş tutmalı olan “Renn” – “Olimpiakos” qarşılaşmasının tarixi və başlama saatı dəyişdirilib.
Əvvəlcə noyabrın 5-nə – cümə axşamına planlaşdırılan matç Fransa həmkarlar ittifaqlarının həmin gün üçün elan etdiyi ümumi tətil səbəbindən noyabrın 4-nə – çərşənbə gününə keçirilib. Fransa hakimiyyəti tətil günü Renndə lazımi təhlükəsizliyi təmin edə bilməyəcəyini açıqlayıb. UEFA isə matçın başlama saatını 16:30-a təyin edib.
Oyunun iş gününə və erkən saata salınması bilet əldə edən “Renn” azarkeşlərinin kütləvi narazılığına səbəb olub. Xatırladaq ki, təhlükəsizlik qüvvələrinin etirazlara cəlb olunması səbəbindən Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 1-in bəzi oyunlarını da təxirə salmalı olub.
No Comment! Be the first one.