ABŞ-nin nüvə kompleksində yanğın baş verdi – Fövqəladə vəziyyət elan edildi
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən və nüvə silahları üçün materiallar istehsal edən “Savanna-River” kompleksində yanğın olub. Hadisə ilə əlaqədar obyektdə fövqəladə vəziyyət elan edilib, nəqliyyat və hərəkət müvəqqəti məhdudlaşdırılıb.
hadiseler.info CNN-ə istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Eyken şəhəri yaxınlığındakı “Savanna-River” Milli Laboratoriyasında baş verən yanğın qısa müddətdə söndürülüb. Fövqəladə hallar xidmətinin məlumatına əsasən, təhlükəsizlik məqsədilə ərazidə dəmir yolu, çay və hava nəqliyyatı müvəqqəti dayandırılıb, işçilər isə təhlükəsiz zonalara təxliyə edilib.
Aparılan monitorinqlər zamanı laboratoriyanın xaricində hər hansı radiasiya çirklənməsi və ya təhlükəli maddə sızması aşkar olunmayıb. Vəziyyət tam nəzarət altına alındıqdan sonra fövqəladə rejim ləğv edilib, nəqliyyatın hərəkəti bərpa olunub və növbəti iş növbəsi fəaliyyətini adi qaydada davam etdirib.
Qeyd edək ki, 1950-ci illərdə əsası qoyulan “Savanna-River” kompleksi ABŞ-nin nüvə silahları üçün tritium və plutonium istehsalı, habelə nüvə tullantılarının saxlanılması üzrə əsas mərkəzlərdən biridir. 13 mindən çox əməkdaşın çalışdığı bu obyekt hazırda ABŞ hökumətinin nüvə döyüş başlıqlarının kütləvi istehsalını bərpa etmək layihəsində mühüm rol oynayır.
No Comment! Be the first one.