FHN qeyri-sabit hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ etdi
Fövqəladə Hallar Nazirliyi respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi eməl etməyə çağırıb.
hadiseler.info xəbər verir ki, bu gündən başlayaraq yaxın günlər ərzində havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqın baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
FHN yarana biləcək təhlükələrdən qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarını xatırladır:
Sel və subasma təhlükəsi: İntensiv yağıntılar zamanı təhlükəli ərazilərdən uzaq durmaq, sel və ya daşqınla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq və xilasedicilərin tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
İldırım təhlükəsi: İldırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətti, ildırım ötürücüsü, navalça, antena və hündür ağacların altında daldalanmamaq tapşırılır. Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Güclü külək və yanğın təhlükəsizliyi: Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi, naqil və hündür ağacların altında dayanmamaq lazımdır. Güclü küləyin yanğınların söndürülməsində yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət olunmalıdır.
Dənizdə təhlükəsizlik: Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
FHN bir daha xatırladır: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı dərhal 112 qaynar xəttinə zəng edin.
No Comment! Be the first one.