Fransada etirazlar yenidən alovlandı: Lionda gözyaşardıcı qaz tətbiq edildi
Fransanın Lion şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 24-də keçirilən kütləvi etiraz aksiyaları zamanı toplaşanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
hadiseler.info xəbər verir ki, bu barədə “BFM TV” telekanalı məlumat yayıb. Telekanalın bildirdiyinə görə, şəhərdə gün ərzində polis və aksiya iştirakçıları arasında ilk şiddətli toqquşmalar baş verib. Lionun bir neçə rayonunda nümayişlərin keçirilməsinə rəsmi qadağa qoyulub.
Eyni zamanda, kütləvi nümayişlərin başlamasından əvvəl Fransa jandarmına məxsus zirehli yük maşınları Paris küçələrinə gətirilib. Yelisey sarayı yaxınlığında bir neçə zirehli maşın növbə çəkir, binanın ətrafındakı təhlükəsizlik perimetri isə kəskin genişləndirilib. Hüquq-mühafizə xidmətləri Fransa liderinin iqamətgahına bitişik küçələrin girişini mikroavtobuslar və dəmir maneələrlə bağlayıblar.
Milli Assambleyanın (parlamentin aşağı palatası) yaxınlığında daha bir neçə zirehli avtomobil, çoxlu sayda polis və jandarm xidmət aparır. Həmçinin Yelisey çölləri, Eyfel qülləsi, Zəfər tağı və şəhərin digər strateji nöqtələri daxil olmaqla, turistik məkanların yaxınlığındakı küçələr boyu xeyli sayda polis və jandarm maşınları park edilib.
Şənbə günü Parisdə həmkarlar ittifaqı və tələbə hərəkatlarının iştirakı ilə kütləvi nümayişin keçirilməsi gözlənilir. Paytaxt prefekturası onların Bastiliya meydanından Millət meydanına qədər tələb etdikləri marşrutu rədd edərək, bunun əvəzində şəhər kənarında – metronun “Port-d’İtali” stansiyasından “Port-de-Vensen” stansiyasına qədər yürüşə icazə verib.
Xatırladaq ki, ötən şənbə, oktyabrın 17-də nümayişlərin iğtişaş və qarətlərə çevrilməsindən sonra respublikanın Daxili İşlər Nazirliyi təhlükəsizlik tədbirlərini ciddi şəkildə gücləndirəcəyini və asayişin qorunmasına cəlb olunan polis və jandarm qüvvələrinin sayını 10 mindən 70 minə çatdıracağını bəyan etmişdi. Oktyabrın 24-də keçirilən nümayişlərin bütün Fransa üzrə 500 minə qədər iştirakçı toplayacağı gözlənilir.
No Comment! Be the first one.