Fransada iğtişaşlar nəticəsində tarixi meriya binası yandırıldı – VİDEO
Fransanın mərkəzində yerləşən Limoj şəhərinin tarixi meriya binası kütləvi iğtişaşlar zamanı yandırılıb.
hadiseler.info xəbər verir ki, baş verən güclü yanğın nəticəsində binanın zəng qülləsi damın üzərinə çöküb. Dehşətli hadisənin kadrlarını “France 3” telekanalı yayımlayıb.
Məlumata görə, yanğın bir qrup radikal nümayişçinin meriya binasına basqın edərək birinci mərtəbədəki bəzi otaqları yandırmasından sonra başlanıb. Eyni zamanda binanın yaxınlığında park edilən bir neçə avtomobil də atəşə verilib vı qısa müddət sonra həmin nəqliyyat vasitələrində partlayışlar baş verib.
Yanğınsöndürənlərin uzun müddət alovla mübarizə aparmasına baxmayaraq, yanğın sürətlə binanın damına və tarixi zəng qülləsinə keçib. Yanan qüllə yana doğru aşaraq binanın mərkəzi hissəsindəki damı dağıdıb.
Limoj şəhərinin meri Giyom Geren baş verənlərə kəskin reaksiya verərək bəyan edib:
“Bunu ifadə edəcək söz yoxdur, bu, çox alçaq bir hərəkətdir. Ölkə üçün bu, xaosdur”.
Mer hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunacağını və 1883-cü ildə memar Şarl Alfred Leklerin rəhbərliyi ilə inşa edilən, dövlət tərəfindən qorunan bu tarixi obyekti dağıdanların ən ağır şəkildə cəzalandırılacağını bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Fransada qiymət artımına və hökumətin sosial-iqtisadi siyasətinə qarşı başlayan kütləvi aksiyalarda yüzlərlə yaralı və minlərlə saxlanılan var.
No Comment! Be the first one.