Girnədəki bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadılıb
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib. Gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı Şimali Kiprdə keçirilən növbəti məhkəmə iclasında gəmidə çalışan Azərbaycan vətəndaşları — Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətova qarşı ayrıca ittiham elan edilməyib.
Hadisə ilə bağlı saxlanılan şəxslər barəsində “ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq aparılır. Orxan Həsənoğlu bildirib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs kimi deyil, hadisənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Onların gəminin idarə olunması və texniki qərarların qəbulunda əsas səlahiyyət sahibi olmadıqları, həmçinin gəmini son mərhələdə tərk edərək sərnişinlərə kömək etmək üçün öz həyatlarını riskə atdıqları vurğulanıb.
Məlumata görə, polis istintaq qrupu hadisə baş verdiyi gündən bu günə qədər 300-ə yaxın izahat alıb. Cəmiyyət sədri Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini qeyd edib.
No Comment! Be the first one.