Buzovna sakininin evini su basıb, kömək istəyir-VİDEO
hadiseler.info bildirir ki, Bakının Xəzər rayonu Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsinin sakini İlahə Babayeva evini su basması və dəymiş ziyanın ödənilməməsi ilə bağlı şikayət edib.
Sakin bildirib ki, kreditlə təmir etdirdikləri ev 2024-cü ilin oktyabrında yağan şiddətli yağışlar nəticəsində tamamilə yararsız hala düşüb. Hadisə zamanı ailəyə təxminən 20 min manat ziyan dəyib. Evin sığortasının olmadığını deyən İ.Babayevanın sözlərinə görə, bələdiyyə tərəfindən ümumilikdə cəmi 980 manat (300 manat və 400 dollar) yardım göstərilib ki, bu da dəymiş zərəri qarşılamır.
Evin laminat döşəməsini və bəzi əşyalarını öz hesablarına təmir etdiklərini bildirən şikayətçi, mətbəx və qonaq otağı mebellərinin sıradan çıxdığını vurğulayıb. Ailə ərazidə kanalizasiya sisteminin olmamasından da əziyyət çəkir. Qonşu küçələrdə asfaltlanma işləri aparılsa da, onların məhəlləsinə baxan olmadığını bildirən sakin, qarşıdan gələn payız-qış mövsümündə yenidən eyni təhlükə ilə üzləşməkdən narahatdır.
Sakin dəymiş ziyanın qarşılanmasını və ərazidəki infrastruktura baxış keçirilərək kanalizasiya probleminin həll olunmasını tələb edir.
No Comment! Be the first one.