İlham Əliyev və Mehriban Əliyeva Cahangirbəyli kəndinin açılışında olub
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılış mərasimində iştirak ediblər.
hadiseler.info xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı və birinci xanım Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Cahangirbəyli kəndində yaradılan şərait
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və 2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusu tərəfindən azad edilən Cahangirbəyli kəndi sıfırdan yenidən qurulub. Ümumi sahəsi 179,5 hektar olan kənddə birinci mərhələ üzrə 242 fərdi ev, məktəb binası, körpələr evi-uşaq bağçası, inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa edilib.
2, 3, 4 və 5 otaqlı olmaqla bütün evlər su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub, kənddaxili yollar asfaltlanıb. Kənddəki çoxfunksiyalı binada tibb məntəqəsi, aptek, market, dərzi və gözəllik salonu fəaliyyət göstərəcək. Həmçinin 264 şagird yerlik tam orta məktəb, 80 yerlik uşaq bağçası, Bayraq meydanı, uşaq oyun və idman zonaları yaradılıb.
Prezident İlham Əliyev sakinlərlə görüşüb
Sakinlərlə görüşdə çıxış edən Prezident İlham Əliyev qarşıdan gələn Zəfər Bayramı münasibətilə təbriklərini çatdırıb:
“Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq… Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır”, – deyə dövlət başçısı vurğulayıb.
Şəhidlərin qanının yerdə qalmadığını, onların qisasının döyüş meydanında alındığını qeyd edən Prezident, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinin şəhidlərin xatirəsinə ən böyük hörmət əlaməti olduğunu bildirib.
Sonda dövlət başçısı Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinələrə mənzillərin açarlarını təqdim edib.




No Comment! Be the first one.