İlham Əliyev: “Xalqımız bölgədəki yeni sülh mühitində yaşamağa uyğunlaşır”
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb. Hadisələr.info xəbər verir ki, dövlət başçısı məktubunda Vaşinqton Zirvə Görüşündən bir il ötdüyünü vurğulayaraq, regionda bərqərar olan yeni sülh mühitinə diqqət çəkib.
Prezident İlham Əliyev məktubunda qeyd edib: “Bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır. Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı”.
Məktubda həmçinin Vaşinqtonda imzalanmış üçtərəfli Birgə Bəyannamənin, paraflanan sülh sazişinin və TRIPP layihəsinin regionun gələcək iqtisadi inkişafındakı müstəsna rolu yüksək qiymətləndirilib.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı
Dövlət başçısı iki ölkə arasındakı ikitərəfli əlaqələrə toxunaraq, münasibətlərin 34 illik diplomatik tarixinin ən yüksək zirvəsinə çatdığını vurğulayıb. Məktubda Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və “907-ci düzəliş”in dayandırılması qərarı tarixi addımlar kimi dəyərləndirilib.
No Comment! Be the first one.