İndoneziyada narazı əhali küçələrə axışdı – VİDEO
İndoneziyanın bir sıra iri şəhərlərində tələbələr və ictimai fəalların iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
hadiseler.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, kütləvi nümayişlər Cakarta, Cokyakarta, Bandunq, Makasar və digər şəhərlərdə qeydə alınıb.
Aksiyalar ölkə prezidenti Prabovo Subiantonun vəzifəyə başlamasının növbəti ildönümünə təsadüf edib. Etirazçıların əsas tələblərindən biri ölkədə tüğyan edən genişmiqyaslı meşə və torpaq yanğınlarının rəsmi şəkildə milli fəlakət kimi tanınması olub.
Aksiya iştirakçıları yanğınların başvermə səbəblərinin obyektiv araşdırılmasını, təqsirkarların məsuliyyətə cəlb olunmasını və zərərçəkmiş ərazilərin tezliklə bərpa edilməsini tələb ediblər. Eyni zamanda, tələbələr ölkədəki kəskin qiymət artımına, hökumətin iqtisadi siyasətinə və təhsil sistemindəki problemlərə qarşı etirazlarını bildiriblər.
Cakartada keçirilən aksiyalarda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və söz azadlığının təmin edilməsi də tələblər arasında yer alıb. Təhlükəsizliyi təmin etmək məqsədilə İndoneziya paytaxtına 9 mindən çox polis əməkdaşı cəlb olunub.
No Comment! Be the first one.