Konqoda Ebola virusu altıncı əyalətə yayılıb
Konqo Demokratik Respublikasında tüğyan edən Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.
hadiseler.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri həyəcanlı məlumat dərc edib.
Ölkənin rəsmi qurumları infeksiyanın artıq 26 əyalətdən 6-sına keçdiyini bildiriblər. Təkcə xəstəliyin ilk baş qaldırdığı İturi bölgəsində 3 400-dən çox yoluxma qeydə alınıb.
Hökumətin son hesabatına əsasən, epidemiya başlanandan bəri 4 500-dən artıq insan virusa yoluxub, 2 100-dən çox şəxs isə həyatını itirib. Müqayisə üçün qeyd edək ki, 2014–2016-cı illərdə Qərbi Afrikada yaşanan dəhşətli epidemiyanın eyni mərhələsində yoluxanların sayı cəmi 755 nəfər idi.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Jan Kaseya infeksiyanın Bas-Uele əyalətinə də adladığını və orada ilk ölüm faktının qeydə alındığını təsdiqləyib.
Hazırda vəziyyəti ağırlaşdıran əsas məqam xəstəliyə səbəb olan nadir “Bundibugyo” ştammına qarşı hələ də təsdiqlənmiş heç bir peyvəndin və ya dərmanın olmamasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib ki, bu dalğa tarixə ən ölümcül Ebola epidemiyası kimi düşə bilər. Təşkilatın analizləri göstərir ki, epidemiya rəsmən may ayında elan edilsə də, virus əslində hələ fevraldan yayılmağa başlayıb.
No Comment! Be the first one.