Mülki itkilər 37% artdı: Rusiya-Ukrayna savaşında hava zərbələri kəskinləşir
Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində ciddi dəyişiklik qeydə alınmasa da, tərəflərin qarşılıqlı hava hücumları kəskin şəkildə intensivləşib.
Hadisələr.info “CNN”ə istinadən xəbər verir ki, həm Rusiya, həm də Ukrayna uzaqmənzilli raket və pilotsuz uçuş aparatlarından (PUA) istifadəni artırıb. Hərbi ekspertlərin dəyərləndirməsinə görə, hücum vasitələrinin imkanları hava hücumundan müdafiə sistemlərinin tutumunu üstələdiyi üçün daha çox zərbə hədəfə çatır.
Ukrayna ordusu son dövrlərdə Rusiyanın neft emalı zavodlarını, enerji infrastrukturunu, hərbi anbarlarını və logistika obyektlərini hədəf almağa üstünlük verir. Rusiya silahlı qüvvələri isə Ukrayna ərazisinə kütləvi raket və dron zərbələri endirməkdə davam edir.
BMT-nin açıqladığı rəsmi göstəricilərə görə, ilin ilk yarısında Ukraynada ən azı 1396 mülki şəxs həyatını itirib, 7978 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki itkilərin 37 faiz artdığını göstərir.
“CNN” vurğulayır ki, hava döyüşlərinin bu miqyasda genişlənməsi mülki əhali və həyati vacib infrastruktur obyektləri üçün risksiz zona saxlamır.
No Comment! Be the first one.