Naxçıvan DOST Mərkəzi 300-dən çox vətəndaşa xidmət göstərib-Fotolar
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan Naxçıvan Regional DOST Mərkəzi artıq fəaliyyətini aktiv şəkildə davam etdirir.
hadiseler.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, mərkəzin xidmətlərindən ilk günlərdə 300-dək vətəndaş faydalanıb. Müraciətlər əsasən pensiya, müavinət, məşğulluq proqramları və əlillik məsələləri ilə bağlı olub. Vətəndaşlara 164 sosial xidmət “bir pəncərə” prinsipi əsasında, tam şəffaf və çevik şəkildə təqdim edilir.
Mərkəzdə həmçinin əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiya vasitələri ilə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi də aparılır. 117 işçi və 50 könüllünün çalışdığı mərkəz gün ərzində 500-600 vətəndaşı qəbul etmək gücünə malikdir. Xidmətlər qeydiyyat yerindən asılı olmayaraq hər bir şəxs üçün açıqdır. Yaxın gələcəkdə Naxçıvanın bütün rayonlarında da DOST qəbul şöbələrinin açılması nəzərdə tutulur.









No Comment! Be the first one.