Ombudsman-dan erməni əsilli məhbuslarla bağlı iddialara cavab
Azərbaycan Respublikasının Ombudsman Aparatı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır əməllərdə təqsirli bilinərək azadlıqdan məhrum edilən erməni əsilli şəxslərin saxlanma şəraiti ilə bağlı yayılan iddialara münasibət bildirib.
hadiseler.info xəbər verir ki, Ombudsman Aparatının Mətbuat xidməti yayılan məlumatların tamamilə əsassız olduğunu, qərəzli siyasi məqsədlərə xidmət etdiyini bəyan edib.
Açıqlanan rəsmi məlumatda aşağıdakı məqamlar vurğulanıb:
Davamlı monitorinqlər: Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində beynəlxalq standartlara uygun olaraq həmin şəxslərlə, o cümlədən Ruben Vardanyanla məhkəmə prosesləri zamanı və cəzaçəkmə müəssisəsində müntəzəm görüşlər keçirilib, saxlanma şəraiti monitorinq edilib.
Hüquq və xidmətlərin təminatı: Məhkumlara hüquqları öz ana dillərində izah olunub, həkim müayinəsindən keçiriliblər, müxtəlif ədəbiyyatlar və 916 Çağrı Mərkəzinə müraciət imkanı ilə təmin ediliblər.
Məişət və ünsiyyət şəraiti: Müəssisələrdə şərait müasir standartlara cavab verir. Şəxslərin idman, gəzinti, informasiya əldə etmək və ailələri ilə telefon vasitəsilə əlaqə saxlamaq hüquqları qorunur. Hətta hesablarında vəsait olmadıqda belə, telefon danışıqları məhdudlaşdırılmayıb.
Müraciətlərin icrası: Həmin şəxslərin notariat, tibbi xidmət və digər müraciətləri operativ şəkildə təmin edilib. Son olaraq Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciəti icra olunub və bu proses Milli Preventiv Qrupun üzvləri tərəfindən yerində müşahidə edilib.
Aparat bir daha bəyan edib ki, azadlıqdan məhrum edilmiş şəxslərə münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir və onların hüquqları tam şəkildə təmin olunur.
No Comment! Be the first one.