Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
İlin sonunadək Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri və Azərbaycanda ali məktəblər rektorlarının ikinci forumu keçiriləcək.
hadiseler.info xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
Özbəkistan dövlət başçısı mədəni-humanitar sahədə nəzərdə tutulan vacib layihələri diqqətə çatdırıb:
“Xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrimiz oynayır. İlham Əliyevlə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açacağıq. Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə də start verəcəyik. Əminəm ki, bu obyektlər xalqlarımızın sarsılmaz qardaşlığının və yaxınlaşmasının parlaq rəmzlərinə çevriləcək. İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini və Azərbaycanda ali məktəblərin rektorlarının ikinci forumunu keçirəcəyik. Əlamətdar yaradıcılıq hadisələrindən biri də Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması olacaq”.
Şavkat Mirziyoyev həmçinin gələn il hər iki ölkənin birgə ev sahibliyi edəcəyi idman yarışına da toxunub:
“FİFA-nın qərarına əsasən, gələn il Özbəkistan və Azərbaycan birlikdə gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu möhtəşəm idman tədbiri çərçivəsində genişmiqyaslı dövlət proqramının – “İki ölkə, bir çempionat” proqramının qəbul edilməsini təklif etmişik”.
No Comment! Be the first one.