Paytaxtın bu ərazilərində işıq olmayacaq
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da paytaxtın bəzi rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
hadiseler.info xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, həmin tarixdə Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir işləri aparılacaq.
Qrafikə əsasən, fasilələr aşağıdakı ünvanları əhatə edəcək:
Yasamal rayonu: Transformator Məntəqəsində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov, Vasif Əliyev küçələri, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai rayonu: Təmir-təftiş və sınaq işləri zamanı Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Abşeron rayonu: Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, həmçinin “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.
Qeyd olunan təmir işləri elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına və artan yük tələbatının qarşılanmasına xidmət edir.
No Comment! Be the first one.