“Peyğəmbərəm” deyib qətl törədən sayt redaktorunun atası ilə bağlı yeni qərar
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
hadiseler.info “Pravda.az”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və əvvəlki hökm qüvvədə saxlanılıb.
İstintaqla müəyyən edilib ki, 2021-ci il iyulun 9-da özünü “baş redaktor” və daha sonra “peyğəmbər” kimi təqdim edən Emin Ramazanov atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olaraq Abşeron rayonunun Qobu qəsəbəsində Ülfət Höccətova xüsusi amansızlıqla çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetiriblər. Daha sonra cinayətin izini itirmək və zərərçəkənə külli miqdarda ziyan vurmaq məqsədilə evin otağına və dəhlizinə dizel yanacağı tökərək evi yandırıblar.
Cahangir Ramazanlı: 2022-ci ildə tutularaq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 186.2.1, 186.2.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub.
Emin Ramazanov: Hadisədən sonra xarici görünüşünü dəyişərək 4 il polisdən gizlənib. O, 2025-ci il mayın 20-də keçirilən əməliyyatla saxlanılıb və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib (cəzasının 3 ilini həbsxanada, 16 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə).
Qeyd edək ki, E.Ramazanov əvvəllər bir sıra saytlarda çalışıb, daha sonra özündə “bioenerji” olduğunu və onkoloji xəstələri sağaltdığını iddia edərək müxtəlif qanunsuz rituallar həyata keçirməsilə gündəmə gəlmişdi.
No Comment! Be the first one.