Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda yeni elektrik avtobusları və dəmir yolu infrastrukturu ilə tanış olublar
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına və birinci xanıma görülmüş işlər haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan, uzunluğu 8,7 metr olan və 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb. Şəhərdə enerjidoldurma cihazları quraşdırılıb və depo infrastrukturu təkmilləşdirilib.
Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi qurulub, habelə avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb. Layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək.
“BakuBus” MMC-nin Naxçıvanda fəaliyyətə başlaması ictimai nəqliyyatın keyfiyyətinin artırılmasına və nağdsız ödəniş sisteminə tam keçidə töhfə verəcək. Üç hektara yaxın ərazisi olan depoda texniki baxış, təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobus yuyan kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək, 200 sürücü və 22 inzibati heyət işlə təmin olunacaq. Sürücülərin aylıq əməkhaqqı 1000 manatdan çox təşkil edəcək.
Dövlət başçısına və birinci xanıma, həmçinin dəmir yolu infrastrukturundakı yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikintisinə 2025-ci ildən başlanılıb. Yeni layihəyə əsasən xəttin uzunluğu 194,2 kilometr olacaq, 10 stansiya və 3 sərnişin dayanacağı platforması yenidən qurulacaq.
Hazırda Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissədə layihələndirmə başa çatıb və tikinti işlərinə başlanılıb. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan sonra tikinti-quraşdırma işləri aparılacaq. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyənin icra etdiyi Qars-İğdır-Dilucu dəmir yolu ilə uyğunlaşdırılması nəzərdə tutulur.
No Comment! Be the first one.