Prezident Sərəncam imzaladı: Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı
Azərbaycanda xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində yeni addım atılıb. Hadisələr.info bildirir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib. Eyni zamanda Komitənin tərkibinə müxtəlif nazirliklər, komitələr və dövlət agentliklərinin rəhbərləri daxil edilib. İqtisadiyyat Nazirliyi isə qurumun Katibliyi funksiyasını həyata keçirəcək.
Sərəncamda qeyd olunub ki, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi dövlətin əsas prioritetlərindəndir. Çünki əlverişli biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişafı ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını daha da gücləndirir.
Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələr
Yeni yaradılan Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək. Həmçinin qurum Forumun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlamalı və onun icrasını əlaqələndirməlidir.
“Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olub. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb. Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq, habelə Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılır”, – sərəncamda bildirilib.
Bundan başqa, bu təşəbbüs dövlət-özəl tərəfdaşlığının genişlənməsinə xüsusi töhfə verəcək.
No Comment! Be the first one.