Putin: “Ukrayna ilə sülh razılaşmasına hazırıq”
Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması və sülh sazişinin bağlanması ilə bağlı növbəti dəfə rəsmi bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı “Rossiya” dövlət televiziya kanalına verdiyi müsahibəsində bildirib.
Putin çıxışında Moskva tərəfinin Kiyevlə razılığa gəlməyə hazır olduğunu, lakin müvəqqəti atəşkəs rejimi ilə kifayətlənmək istəmədiklərini vurğulayıb. Onun sözlərinə görə, Rusiya hər iki ölkənin uzunmüddətli təhlükəsizliyini zəmanət altına alan hərtərəfli sülh sazişinə üstünlük verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi ərazi itkilərini qəbul edə biləcəyinə dair səslənən fikirlərə münasibət bildirən Rusiya lideri iddia edib ki, hazırda Moskvanın nəzarətində olan ərazilər Rusiyanın tarixi torpaqlarıdır və orada keçirilmiş səsvermələr bu mövqeyi təsdiqləyir.
Putin həmçinin Rusiyanın döyüş meydanında məğlub edilməsinin qeyri-real olduğunu diqqətə çatdırıb. Avropa ölkələrinin Moskvanı təhdid kimi qələmə verməsini tənqid edən Rusiya prezidenti əlavə edib:
“Biz Avropa ilə heç bir müharibəyə hazırlaşmırıq. Biz də döyüşmək istəmirik.”
Bununla belə, o, Ukrayna rəhbərliyinin hərbi əməliyyatları davam etdirməkdə maraqlı olduğunu iddia edib və 2014-cü ildən bəri Rusiya tərəfinin sülh tərəfdarı kimi çıxış etdiyini deyib:
“Bu gün də razılığa gəlməyə hazırıq. Bu çətin və mürəkkəb vəziyyətin həlli yollarını tapmağa hazırıq.”
Rusiya lideri tərəflərin ümumi dil tapa biləcəyini istisna etməsə də, ölkəsinin əvvəlcədən müəyyənləşdirilmiş hərbi-siyasi məqsədlərindən geri addım atmayacağını vurğulayıb.
Müsahibə zamanı Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirilən təkbətək görüşə də toxunub. O bildirib ki, danışıqlar zamanı tərəflər üçtərəfli əlaqələrin (ABŞ-Rusiya-Ukrayna) bərpasına hazır olduqlarını ifadə ediblər.
Rusiya lideri Uitkoffun Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması zərurəti ilə razılaşdığını bildirərək qeyd edib ki, əsas məqsəd yalnız müvəqqəti sakitlik yaratmaq değil, yekun sülh sazişindən sonra bütün tərəflərin təhlükəsizliyini tam təmin etməkdir.
No Comment! Be the first one.