Raqif Abbasovun 12 il həbsi tələb edildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun sabiq müdiri Eldəniz Qulamovun 2 ilə yaxındır davam edən məhkəmə istintaqı yekunlaşıb.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar tam əsaslıdır və məhkəmə istintaqı gedişində öz təsdiqini tapıb.
Dövlət ittihamçısı Raqif Abbasov və Eldəniz Qulamovun vəzifə səlahiyyətlərindən mənfi məqsədlərlə sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə törətməkdə təqsirli bilinmələrini xahiş edib. Prokuror hər iki şəxsin 12 il azadlıqdan məhrum edilməsini və hazırda azadlıqda olduqları üçün məhkəmə zalındaca həbs olunmalarını tələb edib.
Məhkəmə kollegiyası vəkillərə müdafiə çıxışlarına hazırlaşmaları üçün vaxt verib.
Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq materiallarına əsasən, onların qanunsuz əməlləri nəticəsində Gənclər və İdman Nazirliyinə ümumilikdə 800 min manat məbləğində maddi ziyan dəyib. Dəymiş ziyanın 100 min manatlıq hissəsi R.Abbasov tərəfindən ödənilib.
No Comment! Be the first one.