Reper Navai Qazaxıstandan deportasiya edildi
Qazaxıstanda narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan azərbaycanəsilli Rusiya repçisi Navaiyə qarşı qaldırılmış cinayət işinə “bəraətverici əsaslar olmadan” xitam verilib vә o, ölkədən deportasiya olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Cambul vilayətinin Polis Departamentindən məlumat verilib.
Məlumatda bildirilir:
“Daxil olan sorğularla əlaqədar bildiririk ki, rusiyalı rep ifaçısına qarşı cinayət işi onun hüquqpozmanı ilk dəfə törətməsi və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq səmimi peşmanlığı nəzərə alınmaqla, bəraətverici əsaslar olmadan dayandırılıb”.
Qəbul edilmiş prosessual qərar prokurorluq tərəfindən təsdiqlənib və musiqiçi Qazaxıstan ərazisindən deportasiya olunub. Qeyd edək ki, bəraətverici əsaslar olmadan işə xitam verilməsi ifaçının tam təqsirsiz tanınması demək deyil.
Bununla belə, reperin vəkili Rəna Kərimova müğənninin azadlığa buraxılması və ya deportasiyası barədə məlumatı olmadığını qeyd edib.
Xatırladaq ki, tanınmış müğənni oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılmışdı. Avtomobilə baxış zamanı 2.5 qram marixuana aşkar edilmişdi. Navai dindirmə zamanı qadağan olunmuş maddəni Bişkekdə aldığını etiraf etmişdi. Daxil olan məlumatlara görə, onun barəsində əvvəlcə 2 aylıq həbs qətimkan tədbiri seçilmiş və Astanadakı konserti daxil olmaqla bütün tur çıxışları təxirə salınmışdı.
No Comment! Be the first one.